Sistem proqramları kompyuterin resurslarını – mərkəzi
prosessoru, yaddaşı, giriş-çıxış qurğularını idarə etmək üçündür. Onlar bütün
istifadəçilər üçün nəzərdə tutulmuş proqramlardır. Kompyuterin sistem
proqramları elə hazırlanır ki, tətbiqi proqramlar səmərəli işləyə bilsin.
Sistem proqramları arasında əməliyyat sistemləri xüsusi yer
tutur, sistem proq ram təminatının əsasını əməliyyat sistemi təşkil edir. O, fərdi
kompyuterlərin vacib elementlərindən biridir. Əməliyyat sistemi kompyuter
yandırıldıqda işə düşən, kompyuterin bütün hissələrinin tam bir vəhdət halında
işləməsini təminedən və informasiyanı idarə edə bilən proqramlar sistemidir.
Əməliyyat sisteminin köməyilə:
kompyuterlə istifadəçi arasında dialoq yaranır;
operativ və daimi yaddaş qurğuları işə salınır;
kompyuter idarə olunur;
istənilən proqram yerinə yetirilməyə başlayır və s.
Vaxtilə IBM PC tipli kompyuterlərdə əsasən Microsoft
firmasının hazırladığı MS-DOS əməliyyat sistemindən istifadə olunurdu. Bu əməliyyat
sistemində işləyən istifadəçi yalnız konkret bir məsələni həll edə bilərdi.
Hazırda fərdi kompyuterlərdə çoxtapşırıqlı əməliyyat sistemlərindən istifadə
olunur – fərdi kompyuterlərin yaddaşında eyni zamanda bir neçə proqram və məsələlər
olur ki, mikroprosessor kompyuterin resurslarını onların arasında bölüşdürür.
Belə əməliyyat sistemlərinə misal olaraq OS/2, MacOS, UNIX, Linux, Windows XP,
Windows Vista və digər əməliyyat sistemlərini misal göstərmək olar.