İnformatikanın əsas tərkib hissəsi olan kompyuter texnikası kompyuterlərin yaranması və inkişaf mərhələlərini, təsnifatını və arxitekturasını, aparat və proqram vasitələrini əhatə etdiyinə görə İnformatikanın inkişaf tarixi də kompyuter texnikasının inkişaf tarixinə uyğundur.
İlk dəfə Blez Paskal (Fransa) 1642-ci ildə cəmləyici maşın hazırlamışdır; 1673-cü ildə Vilhelm Leybnis (Almaniya) hesab əməllərini yerinə yetirən mexaniki arifmometr yaratmışdır; 1830-cu ildə Çarlz Bebic (İngiltərə) proqramla işləyən hesablama maşını (analitik maşın) yaratmağa cəhd göstərmişdır. Bebicin ideyaları sonralar universal kompyuterlərin yaradılmasının əsasını qoymuşdur; 1930-cu ildə A. Turinq (İngiltərə) və E. Post (ABŞ) tərəfindən universal kompyuterlərin yaradılmasının nəzəri əsasları inkişaf etdirilmişdir; Müasir kompyuterlərin əsas iş prinsipləri XX əsrin 40-cı illərində Amerika alimləri Con Fon Neyman, Q.Qoldsteyn və A.Beris tərəfindən verilmişdir. Həmin prinsiplər 1946-cı ildə ABŞ-da ENİAK adlı universal kompyuterin yaradılması ilə həyata keçirilmişdir ki, həmin tarix də müasir kompyuter texnikasının yaranma tarixi hesab olunmuşdur. Elə həmin vaxtdan da başlayaraq kompyuter texnikası və texnologiyası yüksək sürətlə inkişaf etməyə başlamışdır və element bazasına görə aşağıdakı mərhələlərdən keçmişdir:
I nəsil (1950-1959) – elektron lampalı kompyuterlər. Onlardan əsasən riyazi məsələlərin həlli
üçün istifadə olunurdu. Məs: MESM, BESM, Strela, M-3, Minsk-1, M-20 və s.
II nəsil (1960-1969) – element bazası əsasən yarımkeçiricilərdən ibarət olan kompyuterlər. Onların funksional imkanları xeyli artmışdır. BESM-4, Minsk-22, Ural-14 və s.
III nəsil (1970-1985) – element bazalı mikroelektronika və inteqral sxemlərdən ibarət olan kompyuterlər. Bu nəslin əsasını İBM 360/370 təşkil edirdi. Onun əsasında keçmiş SSRİ-də EC EHM yaradılmışdır. Bu nəsil kompyuterlərin bir nümayəndəsi də kiçik (mini) maşınlar sinfinə daxil olan ABŞ-ın RDR, VAX kompyuterləri və onların SSRİ-dəki analoqu olan CM-1/2/3/4/1420 və s. maşınları idi.
IV nəsil (1981-dən sonraki dövr) böyük və çox böyük inteqral sxem (BİJ, SBİS) texnologiyası ilə
yaradılan mikro və mini kompyuterlər. Bu nəslin ayrıca sinfi fərdi kompyuterlərdir (FK, PC). Onların yaradılması prinsipcə inqilabi mahiyyət kəsb edirdi. Bunlara nümunə: IBM AT 286, AT 386, AT 486 və s.
V və sonraki nəsil – yeni və ən yeni elektron texnologiyalarına əsaslanan indiki və gələcəyin kompyuterləri. Bu nəsil kompyuterlər çox yüksək məhsuldarlığa və etibarlılığa malik olmaqla, keyfiyyətcə yeni funksional tələblərə, başqa sözlə biliklər bazaları ilə işləməyə, süni intellekt sistemlərinin təşkilinə, istifadəçi ilə nitq və görmə vasitəsi ilə ünsiyyəti təmin etməyə, ən yeni proqram vasitələrinin yaradılması prosesini sadələşdirməyə və s. imkan verməlidirlər. Yeni arxetikturaya və texnologiyaya malik neyrokompyuterlər real neyronların əsas xassələrini modelləşdirən neyron şəbəkələrinə əsaslanırlar. İntellektual imkanları xeyli üstün olan bioloji və optik texnologiyaları əsasında bio və optik neyrokompyuterlərin yaradılması da yaxın gələcəyin reallığıdır. Bunlarla yanaşı olaraq kompyuterlərin məhsuldarlığı bəzi hallarda və sahələrdə (nüvə energetikası, kosmos, hərbi-müdafiə, seysmologiya və s.) tətbiq üçün kifayət etmədiyindən super kompyuterlərin yaradılmasına ciddi ehtiyac yaranmışdır.
Super kompyuterlər çox baha başa gəldiyindən, onlar üçün xüsusi şərait və personal tələb olunduğundan dünya üzrə onların sayı çox azdır. Ona görədə son zamanlar virtual super kompyuterlərin yaradılması istiqamətində bir çox ETİ aparılır. Qeyd etdiyimiz kimi informatikanın inkişaf tarixi də, onun bir elm sahəsi kimi formalaşması mərhələləri də yuxarıda təhlil etdiyimiz kompyuter texnikasının inkişaf tempinə uyğundur. Ona görədə 1960-cı illərdən sonrakı dövrlərdə informatika nəinki bir elm sahəsi kimi formalaşmış, həmdə artıq o, fundamental elm sahəsinə çevrilərək bir çox yeni elmi istiqamətlərin yaranmasına səbəb olmuşdur. Misal üçün nəzəri informatika informasiya nəzəriyyəsi, texniki informatika, iqtisadi, bioloji, sosial, hüquqi, tibbi informatika və s. Bundan başqa bir çox ölkələrin ali məktəblərində informatikaya aid olan çoxlu sayda ixtisaslar və fənlər tədris olunmağa başlanılmışdır.